Balakən rayon Humanitar və texniki təmayüllü liseyin İngilis dili müəllimi Cəmilə Qallacova və Gərəkli kənd tam orta məktəbinin İngilis dili müəllimi Səlimət Qarayevanın çalışmanın yaş həddinə çatması ilə əlaqədar fəaliyyət göstərdikləri məktəblərdə sonuncu dərs günü təntənəli qeyd olunub.
Görüşdə rayon İcra Hakimiyyətinin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, təhsil sektorunun müdiri Elçin Musayev, təhsil sektorunun əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji və şagird kollektivi iştirak edib.
Pedaqoji fəaliyyətlərini başa vuran Cəmilə Qallacova və Səlimət Qarayevaya həsr olunan görüşlər maraqlı anlarla yadda qalıb. Humanitar və texniki təmayüllü liseyin müəllimi Cəmilə Qallacovanın sonuncu dərsində bir zamanlar onun şagirdi olmuş, hazırda liseydə müəllim kimi fəaliyyət göstərən müəllimlər məktəbli geyimində parta arxasında əyləşərək müəllimləri Cəmilə müəllimənin sonuncu dərsində iştirak ediblər.
Çalışmanın yaş həddinə çatmış ingilis dili müəllimləri Cəmilə Qallacova və Səlimət Qarayeva pedaqoji fəaliyyətləri dövründə innovativ təlim metodlarından istifadə etməklə yüksək nəticələrlə şagirdlər yetişdirməsi, şəxsi nümunəsi ilə təhsilanları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etməsi, fəaliyyətləri dövründə peşəkarlığı ilə nümunəvi müəllim olması münasibətilə təhsil sektoru tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, Cəmilə Qallacova Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirərək 1979-cu ildə Gərəkli kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb, 1994-cü ildən Humanitar və texniki təmayüllü liseydə fəaliyyətini davam etdirib.
Səlimət Qarayeva Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirərək 1981-ci ildə Gərəkli kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb, bugünkü tarixədək həmin məktəbdə fəaliyyət göstərib.