Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektoru və Balakən rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə "18 İyun-İnsan Hüquqları Günü"nə həsr olunmuş "İnsan huquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən RİH-nin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, Balakən rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, rayon polis şöbəsinin rəis müavini Elxan Zamanov, rayon prokurorunun köməkçisi Gültac İsgəndərli, ümumi təhsil müəssisələrinin müavin, psixoloqları və digər qonaqlar iştirak edib.
Çıxışlarda müstəqil və müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan bəhs edilib. Qeyd olunub ki, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.
Bildirilib ki, bu gün hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.
Habelə insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar haqqında iştirakçılara məlumat verilib.
Tədbir qarşılıqlı diskussiya formasında davam edib.