Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının müəllimlərindən təşkil olunmuş 6 komanda mübarizə aparıb.
Şəki Olimpiya İdman Kompleksində təşkil olunmuş idman yarışında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdiri Bəhruz Mehdiyev, müdir müavini Gunay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin rəhbəri Ziyafət Xasıyeva və müəllimlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi Zəfərdən danışıblar.
Yekun nəticələrə əsasən, Şəki rayonunun müəllimlərdən ibarət komandası turnirin qalibi adını qazanıb. Oğuz və Balakən rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin bağlanış mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, qalibləri təbrik edib, belə idman yarışlarının müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədi daşıdığını vurğulayıb.
Yekunda qaliblərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin fəxri fərmanı və hədiyyələri təqdim olunub.