SUAL-CAVAB
1. Şagird sayı 500-dək olan və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesində kimlər iştirak edə bilər?
- pedaqoji ixtisas üzrə ali təhsilli
- 5 ildən az olmayaraq pedaqoji staja malik
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən şəxslər (direktor müavini, metodist, müəllim, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri).
2. Direktor vəzifəsinə işə qəbul prosesində seçim zamanı kimlərə üstünlük veriləcək?
- Müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.
3. Namizəd şagird sayı 500-dək olan istənilən ümumi təhsil müəssisəsinə müraciət edə bilər?
- Namizəd çalışdığı ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinin tabeliyində olan müəssisələrdə direktor vəzifəsinə işə qəbul üçün müraciət edə bilər.
4. Prosesdə iştirak etmək üçün namizədlər necə müraciət edəcəklər?
- Müraciət edən namizədlər tələb olunan sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının, ali təhsil haqqında sənədin və əlavənin surəti) iyun ayının 30-dək müvafiq yerli təhsili idarəetmə orqanında yaradılmış komissiyaya təqdim etməlidir.
5. Namizədlər hansı mərhələlərdə iştirak edəcəklər?
- Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə video-çəkiliş təmin edilməklə müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərlə əvvəlcə test imtahanı, uğur qazanan namizədlərlə video-çəkiliş təmin edilməklə müsahibə təşkil edilməlidir. Test imtahanında keçid balı 24-dür. 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş şəxslər) müsahibədə iştirak etməmiş namizədlər ilkin mərhələ olan test imtahanından azad olunur, birbaşa müsahibə mərhələsinə dəvət olunurlar.
6. Test imtahanında namizədlərə hansı bölmələr üzrə və nə qədər test tapşırığı təqdim olunacaq?
- İmtahanda namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, riyazi və məntiqi düşünmə bacarığı, təhsil qanunvericiliyi ilə bağlı 45 test tapşırığı təqdim olunacaq.
Namizədlərə tənqidi oxu bacarığının yoxlanılması üzrə 15 (3 mətn üzrə), riyazi və məntiqi düşünmə bacarığının yoxlanılması üzrə 15 test, təhsil qanunvericiliyi üzrə bilik və anlayışların yoxlanılması üzrə 15 test tapşırığı təqdim ediləcək.
7. Müsahibə mərhələsində namizədlər hansı formada qiymətləndiriləcək?
- Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında yoxlanılacaq:
- Vəzifə üzrə nəzəri biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və hər meyar üzrə keçid balı 3-dür.
8. 2021-ci il üzrə keçirilən direktorların işə qəbulu üzrə müsahibələrdə uğur qazanmamış şəxslər bu prosesdə iştirak edə bilər?
- Bəli. Şagird sayı 150-dək olan məktəblərə müraciət etdikləri halda müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət etdikləri halda əvvəlcə test və müsahibə mərhələsində iştirak edəcəklər.
9. Namizədlər hər iki kateqoriya üzrə ümumi təhsil müəssisələrinə (şagird sayı 150-dək və 150-500 aralığında) müraciət edə bilərlər?
- Bəli. Bu halda onlarla ilkin olaraq test imtahanı keçiriləcək, daha sonra müsahibə mərhələsi təşkil ediləcək.