27.06.2022

Şəki şəhərində ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib

İyunun 27-də Azərbaycan Respublikasının Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsi birgə təşkilatçılığı ilə Şəki şəhərində ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib.

Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim qatılıb. İştirakçılar Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaq, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar. Eyni zamanda düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqların rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar.

Üç gün davam edəcək düşərgənin sonunda iştirakçılara Təhsil İnstitutunun və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sertifikatları təqdim ediləcək.

Düşərgənin əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.

Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyunun 29-a kimi davam edəcək.


Açar sözlər: