Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsi birlikdə 27-29 iyun tarixində Şəki rayonunda ilk Beynəlxalq Qiymətləndirmə Düşərgəsi təşkil edəcək.
Düşərgənin təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir. Eyni zamanda düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqların rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar.
Düşərgə vasitəsi ilə iştirakçılar Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaq, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar.
Kimlər iştirak edə bilər?
Düşərgədə Şəki- Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarında pedaqoji fəaliyyətlə məşğul olan, ibtidai siniflərdə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənlərini tədris edən ibtidai sinif müəllimləri, eyni zamanda yuxarı siniflərdə Azərbaycan dili, riyaziyyat, informatika və təbiət fənlərini tədris edən müəllimlər iştirak edə bilər. Müraciət edən müəllimlərin xarici dil biliyinin pre-intermediate səviyyədə olması arzuolunandır. Həmçinin DQ və ya MİQ balı 50-dən yüksək olmalıdır.
22 iyun 2022-ci il saat 18:00-dək müraciətlər qəbul olunacaq. İştirak etmək istəyən müəllimlər göstərilən vaxtadək mövzu hissəsində Beynəlxalq Qiymətləndirmə Düşərgəsi qeyd etməklə info@shaki.edu.gov.az ünvanına özləri haqqında məlumat göndərə bilərlər.
Qeyd edək ki, yuxarıda göstərilən meyarlara uyğun olaraq ilk müraciət edən 30 nəfər müəllim seçiləcək.