04.05.2022

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

Mayın 4-də Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin edilmiş Bəhruz Mehdiyev Regional Təhsil İdarəsinin kollektivinə təqdim olunub.

Təqdimat mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək Bəhruz Mehdiyevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan regional təhsil idarələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni idarəçilik sisteminə keçidin əsas vəzifələrdən biri təhsilin keyfiyyətinin yüksəldilməsidir. Digər məsələ ölkədə vahid təhsil siyasətinin həyata keçirilməsidir.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, idarənin qarşısında duran prioritet istiqamətləri, vəzifələri, görüləcək işləri diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox böyük dəyişikliklər baş verir. Bu dəyişikliklərin əsas məqsədi və hədəfi yalnız inkişaf, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemi yaratmaq, təhsilin keyfiyyət göstəricilərinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutmaqdan ibarətdir.

Elxan Abdullayev bölgənin təhsil işçiləri adından çıxış edərək, yeni yaradılmış regional təhsil idarəsinin rəhbər və əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında yaradılıb.


Açar sözlər: ,  ,