Aprelin 27-də "Şuşa ili"nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatının rayon mərhələsi keçirilib. 8-10-cu sinif şagirdləri arasında keçirilən bilik yarışında 40 məktəbin komandası iştirak ediblər.
Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında təşkil olunmuş bilik yarışında Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Elxan Abdullayev, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov və şagirdlər iştirak ediblər.
Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Elxan Abdullayev yarışçıları salamlayıb və uğurlar arzulayıb.
Münsiflərin heyətinin rəyinə əsasən Şəki şəhər 11 nömrəli tam orta məktəbin "Nuxa" komandası zona turuna vəsiqə qazanıb.
Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaq, Respublikanın müxtəlif regionlarında ən güclü məktəb komandalarını müəyyən etməkdən ibarətdir.
Qeyd edək ki, zona turu mayın 21-də Zaqatala şəhərində keçiriləcək.