Aprelin 22-də Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliklərinin tədbirlər planına uyğun olaraq “N” saylı hərbi hissədə “Sərhəd” hərbi-idman oyunun rayon mərhələsi keçirilib.
Hərbi-idman oyununda Şəki rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən tam orta məktəblərinin 10-cu sinif şagirdlərinin komandaları iştirak ediblər. Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin komandası yarışın qalibi olub.
Diplom və hədiyyələrlə mükafatlandırılan qalib komanda hərbi-idman oyununun zona turunda iştirak edəcək.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.