Aprelin 8-də Şəki şəhər 14 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar” və “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.
Tədbir, mövcüd pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə saxlanılmaqla keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, polis şöbəsinin təşkilati inspektor qrupunun baş inpektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Pərviz Rəcəbov, məktəbin direktoru İradə Abdullayeva və müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.
Tədbirdə yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Daha sonra məktəbin direktoru İradə Abdullayeva rəhbərlik etdiyi məktəbdə belə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirib. O, məktəbin nailiyyətlərindən qarşıda duran məqsəd və vəzifələrdən də söhbət açıb.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.