28.03.2022

İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan gəncliyi

1996-cı ilin 2 fevral günü Azərbaycan gənclərinin ilk forumu keçirilirdi. Ulu Öndərin təşəbbüsü ilə təşkil edilmiş toplantıda Heydər Əliyev özü də şəxsən iştirak edirdi. Burada o dövr üçün Azərbaycan gəncliyini narahat edən bir çox məsələlər qaldırılır, müstəqillik dövründə onların qarşısında duran vəzifələr müəyyənləşdirilirdi. Ulu Öndər gələcəyə strateji baxışı ilə Azərbaycan gəncliyinə öz zəruri tapşırıq və tövsiyələrini verirdi. Bu müraciətin əsas qayəsini Vətənə sevgi, Azərbaycan dövlətinin maraqlarını bütün şəraitlərdə qorumaq, ölkəyə və cəmiyyətə faydalı olmaq üçün özünü daim inkişaf etdirmək, müasir dünyanın çağırışlarını nəzərə almaq, fiziki və mənəvi sağlamlıq məsələlərinə diqqət təşkil edirdi. Forumdan bir il sonra isə 1997-ci ilin 1 fevral tarixində Ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər günü kimi elan edilməsi haqqında sərəncam imzaladı.

Heydər Əliyevin gənclər məsələsinə bu qədər önəm verməsi Ulu Öndərin bir dövlət adamı kimi müdrikliyindən, uzaqgörənliyindən irəli gəlirdi. Heydər Əliyev gəncliyin hər bir cəmiyyət üçün nə qədər mühüm önəm daşıdığını yaxşı bilirdi.

Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Müstəqil dövlət quruculuğu prosesi gənclərlə bağlı siyasətin yeni şəraitə və reallıqlara uyğun həyata keçirilməsini, Azərbaycan gənclərinin yenidən təşkilatlanmasını zəruri edirdi.

Ulu Öndər tərəfindən əsası qoyulan Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir. İlham Əliyevin prezidentliyi dövründə davam etdirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə xüsusi diqqət ayrılmışdır. Azərbaycan gənclərinin beynəlxalq səviyyədə tanıdılması və onların inkişafının stimullaşdırılması məqsədilə istedadlı tələbə, gənc alim, yaradıcı gənclərin beynəlxalq mübadiləsi dəstəklənmiş, xaricdə keçirilən yarış, müsabiqə layihə təqdimatında iştirakı təmin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005, 2011 və 2017-ci illərdə imzaladığı Azərbaycan Gəncliyi Dövlət Proqramlarının təsdiq edilməsi gənclərə dövlət qayğısının artırılmasına xidmət edir. Bu proqramlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilməkdədir. İqtisadi sahədə qazanılan uğurlar Azərbaycanda insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin etmişdir. Bu resursları gənclər üçün imkanların artırılmasına, səmərəli idarəçiliyə və institusional inkişafa yönəltmək zəruridir.

Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda isə gəncliyin inkişafının dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri olması, gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər komplekslərinin artırılması, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları şəraitində Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasınının və qəbulunun qeyd edilən zaman dövründə həyata keçirilməsi nəzərdə tutulur.

Son dövrlərdə həyata keçirilən təhsi islahataları-təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi, onun keyfiyyətinin artırılması, məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəldilməsinin ön plana keçməsi dövlətin təhsilin inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil standartlarına uyğunlaşdırılmasına təhsilin verilən önəmin nəticəsidir. Bu qayğı həmçin müasir dövrün təlabatlarına cavab verən təhsilli gənc kadrların hazırlanmasını da əhatə edir.

Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında ölkə daxilində və xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin və mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar Azərbaycanda dövlət qurumlarının işinin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"larının hazırlanması ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasına yönəlik addımlardandır.

Azərbaycan gəncliyinin əhatəli inkişafı üçün həyata keçirilən bütün işlərin, qəbul edilən gənclərin inkişaf proqramlarının, təhsil müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsinə geniş yer verilməsinin nəticəsi isə Vətən Müharibəsində cənab Prezident İlham Əliyevin dövründə yetişən gəncliyin tarixi Qələbəsi olmuşdur.

Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev


Açar sözlər: