01.02.2022

Gənclər Günü qeyd edilib

2 fevral-Gənclər günü münasibətilə Şəki Şəhər Təhsil şöbəsinin akt zalında tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Elxan Abdullayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva və bir qrup fəal gənc müəllimlər iştirak ediblər.

Tədbiri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva giriş sözü ilə açaraq, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Sonra Şəki Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Elxan Abdullayev Gənclər Günü münasibətilə təhsil işçilərini təbrik edib və onlara xoş arzularını bildirib. O qeyd edib ki, əsası dahi şəxsiyyət Heydər Əliyevin qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atılır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafına şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayır. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz, əminik ki, gələcək nəsillər üçün də nümunə olacağını bildirib.

Daha sonra tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, gənc nəslin təlim-tərbiyəsi sahəsində daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliklərini ifadə ediblər.

Sonda bir qrup fəal təhsil işçisinə ATİAHİ Şəki rayon komitəsinin hədiyyələri təqdim edilib.


Açar sözlər: ,