Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar inşa və rəsm müsabiqələri, idman yarışları, konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.
Tədbirlərin keçirilməsində məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.
Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.