Yanvarın 18-də Şəki şəhər 9 nömrəli tam orta məktəbdə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru İntizar Abdullayeva, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Maarifləndirici tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Görüş mövcud pandemiya qaydalarına uyğun olaraq tibbi maskadan istifadə etməklə və sosial məsafə gözlənilməklə keçirilib.
Tədbir zamanı şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sualların cavablandırılmasında fəallıq göstərərək fərqlənən, məktəbin IV sinif şagirdi Məmmədli Məryəm Araz qızı polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün hazırlanmış vəsaitlə mükafatlandırılıb.
Məktəbin direktoru İntizar Abdullayeva, bu cür tədbirin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Polis Şöbəsinin əməkdaşına minnətdarlığını bildirib.