Təsadüf deyilən bir şey yoxdur əslində. Bütün təsadüflər zərurətdən doğur. İndi yazacağım zərurəti isə doğuran böyük qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biridir.
Ümumilli liderimiz Heydər Əliyev 1982-ci ildə yanvar ayının 14-də Şuşa şəhərinə səfər etmiş, Vaqif məqbərəsini ziyarət etmişdir. Bu ziyarət nəticəsində Vaqif poeziya günlərinin keçirilməsi gərəkdiyini vurğulamışdır. Eyni ilin iyul-avqust aylarında həmin tədbirlər keçirilmişdir. Həmin vaxtlar onunla birgə Şuşada olan İlham Əliyev bütün tarixi abidələrimiz kimi bu məqbərənin də önəmini çox gözəl anlamış, milli-mənəvi dəyərlərimizi qorumağı,sahib çıxmağı özünə borc bilmişdir. Lakin 1992-ci ildə Şuşanın işğalı nəticəsində bir çox abidələrimiz kimi, Vaqif məqbərəsi də dağıdılmışdır.
44 gün gün davam edən, şəhidlərimizin qanı,qazilərimizin canı,ali baş komandanımızın mükəmməl siyasəti, idarəçiliyi nəticəsində ,"İkinci Qarabağ müharibəsi" adı ilə tariximizə şanlı qələbə ilə yazılan döyüşlərdən sonra işğaldan qurtarılan ərazilərimizdə təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir. Bərpası tamamlanan işlərdən biri də yuxarıda qeyd etdiyim Vaqif muzey-məqbərə kompleksi oldu. Ali baş komandan İlham Əliyev bu yaxınlarda Şuşaya səfəri zamanı kompleksin və Vaqif poeziya günlərinin açılışında iştirak etdi. Ümumilli liderimizin bu məqbərəyə səfərindən 39 il,Şuşamızın işğalından və məqbərənin dağıdılmasından 29 il sonra oldu bu gözəl açılış. Daha da maraqlısı budur ki, Heydər Əliyevin həmin il-1982-ci ildə 59 yaşı var idi, indi isə İlham Əliyev 59 yaşındadır. Bu faktı İlham Əliyev açılışda özü vurğulamışdır. Eyni yaşlar, 9 rəqəminin belə çox iştirakı təsadüfdürmü? Yox, deyil. Zərurətin nəticəsidir bu. Bu, tarixin səsidir. Bu,tarixin öz sözünü deməsidir. İllərlə dünya tərəfindən görməzdən gəlinən, yox sayılan işğallara, ədalətsizliyə bir "DUR" deməsidir zamanın.
İndi isə keçək məqbərənin həsr edildiyi şəxsiyyətə.Molla Pənah Vaqif bir şair kimi ədəbiyyatımızda önəmli yeri olan, tarixdə isə Qarabağ xanlığının baş vəziri, düşmənə baş əyməyən,dostuna vəfalı, xalqına kömək edən, dəstək olan biri kimi tanınır. Belə oxşar xüsusiyyətləri olan insanların da eyni amalda bir araya gəlməsi təsadüf yox,böyük insanların,hadisələrin təkrarlanmasıdır. Necə deyərlər,tarix təkərrürdən ibarətdir.
Biz müstəqil Azərbaycanın vətəndaşları idik. İndi isə müstəqil olmaqla yanaşı ,bütöv Azərbaycanın övladlarıyıq. Artıq hər şey daha gözəl olacaq. Biz-Azərbaycan xalqı buna inanırıq. Nə qədər ki, xalqımızda bu ruh yüksəkliyi,birlik,inam,Vətən sevgisi və sədaqəti olacaq,bizə heç kim qalib gələ bilməyəcək. Müzəffər, rəşadətli ordumuz, dünya qarşısında xalqını,Vətənini qoruyan liderimiz var olduqca biz ən güclüyük, biz yenilməzik.
Daşüz kənd tam orta məktəbin direktoru Anjilixa Əmirseyidova