Avqustun 31-də Şəki rayonunda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə görüş keçirilib.
Seçim turunda Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşı Mahal Məmmədov iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Şəki Şəhər Təhsil Şöbəsində təşkil edilən seçim turunda sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13-17 yaş arasında 20 namizəd uşaq iştirak edib. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlara suallar ünvanlanıb, qiymətləndirmə aparılıb. Seçim aparılarkən uşaqların liderlik, təşəbbüslə çıxış etmək, ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqlarına diqqət yetirilib, gələcək planları barədə fikirləri öyrənilib.
Seçim turunun yekununa əsasən, sosial fəallığı ilə fərqlənən 3 uşaq V Ümumrespublika Forumunda Şəki rayonunu təmsil edəcək.