15.09.2021

Şəki-Zaqatala bölgəsi rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 15-də Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Təhsil Nazirliyinin nümayəndələri, 4 və 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin, həmin rayonların təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin məsləhətçisi Elçin Kərimov konfransı açaraq, rayonların təhsil şöbələrinin ötən tədris ilindəki fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Nazirliyin nümayəndəsi ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə tədris ilində uğurlar arzulayıb.

Konfrans Vətən müharibəsinin iştirakçısı, Şəki rayonunun Aydınbulaq kənd tam orta məktəbin biologiya müəllimi Cəlal Bayramovun və Şəki şəhər 11 saylı tam orta məktəbin gənc müəllimi Gülnar Əliheydərovanın çıxışları ilə davam edib.

Təhsil İnstitutunun əməkdaşı Mənsur Məhərrəmov çıxışında təhsil sahəsində olan yeniliklər, təhsil proqramlarının və tədris resurslarının təkmilləşdirilməsi istiqamətində riyaziyyat və təbiət fənlərinin tədrisinə diqqətin artırılması və digər məsələlərdən bəhs edib, mövzularla bağlı təhsil işçilərinin suallarını cavablandırıb.

Konfransda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.


Açar sözlər: ,