Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki şəhər 17 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı onlayn tədbir keçirilib.
Məktəbli uşaqların iştirakı ilə keçirilən onlayn tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov və Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və əməkdaşları, şəhər 17 nömrəli məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda humanizm, dostluq, həmrəylik və vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması, ümumilikdə onlar arasında daha yüksək əhval-ruhiyyə yaratmaqdan ibarətdir.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.
Onlayn tədbirdə şagirdlər Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.