31.05.2021

Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki 88 ümumi təhsil müəssisəsində 129 məktəbəhazırlıq qrupunda 2090 uşaq məşğələyə cəlb olunub.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilib.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.