16.05.2021

Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası

Bir vaxt gəncliyimi qoyub getmişəm,

Otuz illik ömrə çox zülm etmişəm.

İndi arzulara, kama yetmişəm,

Toy – bayram olacaq qayıdışımız.

***

Yenə bulaq üstə kəsilər quzu,

Kəklikotu ilə səpilər duzu.

Qaranquş həsrətlə gözləyər yazı,

Toy – bayram olacaq qayıdışımız.

Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsi kimi tarixə düşdü. 44 günlük rəşadətli müharibənin hər bir günü zəfər günü kimi yaddaşlarda həkk olundu.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma prosesi sürətlə davam edir. İlkin olaraq yol-nəqliyyat və enerji infrastrukturun bərpası ilə bağlı layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza səfərləri onu göstərdi ki, həmin ərazilər ən qısa müddətdə yenidən qurulacaq. Bütün bu səfərlər onu göstərir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi sahələr, infrastruktur sürətlə bərpa edilir. Ümidvarıq ki, tezliklə işğaldan azad olunmuş bütün ərazilər yenidən qurulacaq, onların əhalisi öz doğma yurdlarına qayıdacaqlar. Sərhədlərimiz isə artıq etibarlı əllərdədir.

Aparılan məqsədyönlü siyasətin davamı olaraq Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir.

Cənab Prezident təməlqoyma mərasimindəki çıxışında deyilir: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Prezident İlham Əliyev daha sonra fikrinə əlavə edərək qeyd edib ki; “Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir”.

“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Biz düzgün yoldayıq. Artıq torpaqlar azad edilib, indi böyük qayıdış, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bu müharibəni şəhidlərimizin canı, qanı hesabına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq”, deyərək cənab Prezident sözlərinə əlavə edib.

Ölkəmizin başçısı hələ, 2010-cu ilin noyabr ayının 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən demişdir ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Həmin gün Prezident İlham Əliyev çıxışında bildirmişdir ki; “Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruq tək birləşdik. Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Azərbaycanın davası haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır”.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulur.

Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, resurslardan səmərəli istifadə hökumətin prioritetlərindəndir. İlk növbədə, ölkənin enerji istehsalı mənbələri şaxələndiriləcək, Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Tükənməz enerjiyə keçid atmosferə atılan karbon emissiyalarının miqdarını da azaldacaq. Bundan başqa, elektrik enerjisi istehsalında əsas mənbə olan təbii qaza qənaət olunmasına yol açılacaq. Təbii qaza qənaət olunması isə ixrac imkanını genişləndirərək, ölkənin valyuta gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Bərpa olunan enerji mənbələri həm də təbii qazın çəkilişinin texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan məntəqələrin enerji tələbatı üçün həll yoludur. Kəlbəcər və Laçın rayonlarının hündür dağlıq ərazi olduğunu nəzərə alsaq, bərpa olunan enerji mənbələrindən istifadə daha səmərəli olar. Yaşıl enerji zonasının yaradılması məşğulluğun artmasına da töhfə verəcək. Xüsusilə də azad olunmuş ərazilərə yeni investisiyaların cəlbi, potensialın istifadə olunması Azərbaycanı yaşıl enerji ölkəsi kimi də tanıda biləcək.

Beləliklə bütün məcburi köçkünlərdə öz ocaqları¬na qayıdacaqları barədə inamı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, polad iradəsi və uğurlu xarici siyasəti yaratdı. Hər dəfə məcburi köçkünlər üçün yeni qəsəbələr salınanda dövlətimizin başçısı və birinci xanım açılış mərasimlərində iştirak edərək yurd-yuvalarından didərgin salınmış soy¬daşları əmin edirdilər ki, onlar mütləq öz doğma el-obalarına qayıdacaqlar. Deyilənlər, verilən vədlər artıq reallığa çevrildi. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, Ermənistanın baş nazirinin noyabrın 10-da birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bununla da Qa¬rabağa Böyük Qayıdışın əsası qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu tarixi qələbəsi bizim haqqımızda uydurul¬muş məğlub xalq sindromunu birdəfəlik sındırdı və inamımızı özümüzə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Qovuşdu da. İşğal altında olan torpaqları¬mızın azad edilməsinin ən başlıca səbəbi isə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, Prezident –xalq birliyinin sıx vəhdətidir.

Dünya durduqca güclən, inkişaf et, yaşa, odlar yurdu Azərbaycanım!!!

R. Əfəndiyev adına Şəki şəhər 10 nömrəli tam orta məktəbin direktoru Büllur Abdulsəlimli

 


Açar sözlər: