Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Şəhər Gənclər və İdman idarəsinin və Şəki Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Günü ilə əlaqədar "Sağlam ailə sağlam cəmiyyətdir" adlı onlayn tədbir keçirilib.
Tədbiri Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov açaraq Beynəlxalq Ailə Gününün BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən, Azərbaycanda isə 2008-ci ildən başlayaraq qeyd olunduğunu bildirib. O, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sağlam həyat tərzinin təbliği məqsədilə müvafiq tədbirlərin həyata keçirildiyini, ailə institutunun möhkəmləndirilməsinə yönəlmiş proqramların qəbul edildiyini qeyd edib.
Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov çıxış edərək ölkəmizə xas olan ailə modeli, ailə dəyərləri, son zamanlar ailə dəyərlərimizin məruz qaldığı təsirlər barədə məlumat verib.
Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əhmədiyə Bəşirov çıxış edərək son zamanlar ailələr arasında baş verən boşanma hallarına toxundu və şəhər icra hakimiyyətində özünün sədrliyi ilə fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası barədə məlumat verib. Ə.Bəşirov gənclərə ailə qurarkən diqqətli olmağı tövsiyə edib.
Şəki şəhər Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev çıxış edərək, təhsil şöbəsi tərəfindən aidiyyəti dövlət orqanlarının iştirakı ilə mütəmadi olaraq məktəblərdə bu mövzuda seminarların təşkil edildiyini, şagirdlərin maarifləndirildiyini bildirib, sağlam ailənin təməlinin gənc yaşlarda düzgün məlumatlandırılmaqla qoyulduğunu qeyd edib.
Sonda mövzu ilə bağlı suallara cavab verilib.