Aprelin 29-da Şəki rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
İmtahan səkkiz mərkəzdə - Şəki şəhər 8, 11, 12, 14, 17, 20, fizika-riyaziyyat və humanitar təmayüllü liseyi və Qoxmuq kənd tam orta məktəbində karantin rejimi qaydalarına riayət edilməklə təşkil olunub. Belə ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
Qeyd edək ki, rayon üzrə imtahanda 1704 şagird iştirak edib.