12.04.2021

Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir

Düşmən tapdağında olan torpaqlarımız 44 gün ərzində əzimkar mübarizə ilə müzəffər ordumuz tərəfindən azad olundu. Müharibə ərəfəsində hər bir Azərbaycan vətəndaşının, azərbaycanlının yanında olan hər kəsin duası həmin səngərlərdə idi. Qarşımızda bir istiqamət, bir məqsəd, bir səbəb var idi. Qarşımızda irəli, qələbə və Vətən var idi. Geri dönməyəcəyimizə and içdiyimiz bir Vətən Müharibəsinə başlamışdıq. Andımıza sadiq qaldıq və mübarizədən qalib ayrıldıq.

Vətən Müharibəsi dünya ölkələrinə Azərbaycanın potensial gücünün nədən ibarət olduğunu göstərmiş oldu ki, bu da ilk öncə güclü iqtisadiyyat və bundan irəli gələn güclü ordudan xəbər verir. Azərbaycan iqtisadiyyatının əsasını isə ilk növbədə enerji sahəsindəki layihələr təskil edir. Bu layihələrin təməlində isə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən “ Əsrin müqaviləsi” dayanır. Yeni qurulmuş dövlətin iqtisadiyyatı üçün bu güclü təkan idi. Hazırda digər sahələrin, daha doğrusu qeyri-neft sektorunun inkişafi da illər əvvəl formalaşmış iqtisadi gücdən irəli gəlir. Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısı xarici kapitaldır. Azərbaycan qlobal layihələrin aktiv iştirakçısıdır. Ölkəmiz “Bir Qurşaq, Bir Yol” (Müasir İpək Yolu) layihəsinin əsas iştirakçı dövlətlərindəndir. Ölkəmizdə 15 ildə 30 elektrik stansiyası istifadəyə verilib, bölgələrdə qazlaşma 95%-ə faizə çatmaq üzrədir. Ancaq hazırda qarşımızda daha böyük məqsədlər durur. Belə ki, ənənəvi enerji mənbələri tədricən qlobal iqtisadiyyatın daha da effektiv inkişafı üçün bir panaseya (universal vasitə) statusunu tədricən itirməkdədir. İndi bəşəriyyət baxışlarını alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldib. Qlobal iqtisadiyyat üçün çətin dövrə baxmayaraq, dünyada bu perspektivli istiqamətin inkişafına yönəldilən səylər dayandırılmayıb. Azərbaycan da istisna deyil. Alternativ enerjinin inkişafı üçün ölkədə mühüm işlər aparılıb və davam etdirilir. Ölkəmizdə bu sahənin ikişafı üçün böyük bir potensial mövcuddur. (Məsələn: külək, günəş, bioenerji və dağ çayları) Hazırda Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində düşmən tapdağından azad olmuş rayonlarda elektrik enerjisinin bərpası üzrə fəaliyyət başlanılıb. Belə ki, Laçın rayonunun ərazisində yerləşən “Güləbird” kiçik su elektrik stansiyası yenidən qurulub və 2021-ci ilin 14 fevral tarixində istismara verilib.

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar, investisiya axınına və yeni əməkdaşlıq əlaqələrinin yaranmasına səbəb olmuşdur. Həm siyasi, həm də iqtisadi cəhətdən əlaqələrimizin sıx olduğu ölkələrdən biri də qardaş ölkə Türkiyədir. Aprelin 2-də iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov ilə Türkiyənin ticarət naziri xanım Ruhsar Peksarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakilə İşguzar Dəyirmi Masa keçirilmişdir. Keçirilən görüş zamanı bildirilmişdir ki, Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan sənaye, ticarət, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərən türk şirkətlərin sayı hazırda 4200-dən çoxdur. Azərbaycanın da ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir. Azərbaycanın investisiya imkanlarının daha geniş tanıdılması məqsədilə Türkiyənin müxtəlif şəhərlərində “Road Show” tədbirinin təşkil edilməsi planlaşdırılır. Eyni zamanda Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla bir çox sahələrdə, xüsusən də energetika sahəsi üzrə birgə layihələrimiz çoxalır. 2008-ci ildən istismara verilən Bakı-Kulevi marşrutundan Azərbaycan və Türkmənistan mənşəli neft məhsullarının, həmçinin Qazaxıstanın Tengiz yatağından çıxarılan neftin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanına nəql olunması üçün istifadə edilir. Bundan başqa TANAP Layihəsinin xüsusi əhəmiyyətini vurğulamaq lazımdır. Belə ki, TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı Şahdəniz -2 yatağından və Xəzər dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqli nəzərdə tutulur. TANAP Cənubi Qafqaz Boru kəməri və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənubi Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisindən, Yunan-Türkiyə sərhəddindən başlayaraq, Trans-Anadolu boru Kəmərinə (TANAP) birləşir. Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatır. Hazırda ölkəmizin əsas boru kəmərlərindən olan Bakı-Supsa neft kəməri Səngəçal terminalından başlayır və Gürcüstanın Qara dəniz sahilinə, Poti terminalınadək uzanır. Beləliklə, bütün bunlar Azərbaycanın energetika sahəsi üzrə tərəfdaşlarının sayının artmasına və öz növbəsində iqtisadiyyatımızın yüksəlməsinə səbəb olmuşdur . Məhz Ələt Azad İqtisadi Zonasının yaradılması bu nailiyyətlərin nəticəsidir.

Bu layihələrin verdiyi iqtisadi güc onların önəmini artırır, təhlükəsizlik tədbirlərini bir faktor kimi önə çəkir, Azərbaycanın mövqelərini və Avropanın aparıcı ölkələri ilə əməkdaşlığını daha da möhkəmlədir. 44 günlük Vətən Müharibəsində də enerji təhlükəsizliyinin önəminin şahidi olduq. Düşmənin hədəfi kimi mülki obyektlər və dinc əhali ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsinin məqsədi Azərbaycanın enerji sektoruna və iqtisadiyyatına zərbə vurmaq idi. Belə ki, ölkəmizin ərazisindən keçən beynəlxalq layihələrə vurulan hər hansı zərbə investorlar və tərəfdaş ölkələr tərəfindən dəyərləndirilən, stabil və təhlükəsiz ölkə kimi qiymətləndirilən Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərə bilərdi. Azərbaycan güclü prezidenti və məğlub edilməz ordusu ilə bu sınaqdan da qalib ayrıldı. Ermənistan qarşısına qoyduğu xain planlarının heç birini həyata keçirə bilmədi. Qələbədən sonra enerji və nəqliyyat sahəsindəki qarşısı alınmaz yüksəliş bizi gözləyir.

Şəki şəhəri, H.Əliyev adına Kiş kənd 1 nömrəli orta məktəbin coğrafiya müəllimi Könül Qarayeva


Açar sözlər: