11.03.2021

“Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir”

Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində bundan sonra çox yazılacaq və tədqiqatlar aparılacaq.

Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır. Halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq, Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət, təslim olmağa vadar etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi. Ali Baş Komandanın rəhbərliyində 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatmışdır.

10 noyabr 2020-ci il tarixində Türkiyə Respublikasının və Rusiya Federasiyasının siyasi rəhbərliyinin səyləri nəticəsində üçtərəfli bəyanatla regionda sülhə nail olundu. Türkiyə və Rusiya müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci il tarixində memorandum imzalandı və memoranduma uyğun olaraq, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması planlaşdırıldı. Memoranduma əsasən, 30 yanvar 2021-ci ildə Azərbaycanın Ağdam rayonunda Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmişlər. Azərbaycan, bilavasitə dövlət başçısının rəhbərliyi ilə bu gözəl mərkəzin yaradılması və zəruri avadanlıqla təchiz olunması üçün çox böyük iş aparmışdır.

Azərbaycan və Rusiya prezidentləri Cənab İlham Əliyevlə Vladimir Putinin yanvarın 30-da baş tutmuş telefon danışığında mərkəzin bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edəcəyinə inam ifadə olunmuşdur. Bir müddət əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinin Dağlıq Qarabağda sabitliyin qorunmasına öz töhfəsini verəcəyini bəyan etmişdi. Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar isə yanvarın 29-da "iki dövlət bir millət" konsepsiyası çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərini yüksək qiymətləndirmişlər.

Türkiyə ilə tərəfdaşlığın regionda sülhün bərqərar olmasına dair tərəflərin fikirləri bir-birini tamamlayır. Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu məsələsini şərh edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirmişdir: "Türkiyə bizim qonşumuz və mühüm tərəfdaşımız, eyni zamanda, Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzər almamaq mümkün deyil". Həmçinin, monitorinq mərkəzinin açılışı zamanı Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu regionda sülh və sabitliyin Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin səyləri və qətiyyətli iradələri ilə təmin olunduğunu diqqətə çatdırıb. O bildirib ki, son illərdə davam edən qlobal və regional proseslər Rusiya ilə əməkdaşlığımızla yanaşı, regional məsələlərin həllində dialoqun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub. Türkiyənin həm ikitərəfli, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə nümayiş etdirdiyi həmrəyliyin Qafqazda sülh, sabitlik və inkişafın təmini üçün əhəmiyyətini vurğulayan Yunus Emre Karaosmanoğlu deyib: “Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin önəmi böyükdür. Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Gələcəkdə bu əməkdaşlığın davam etməsinin faydalı olacağını düşünürəm”. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı Türkiyənin Azərbaycandakı hərbi varlığının artması deməkdir. Yanvarın 30-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikası müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşdə Türkiyə ilə hərbi əməkdaşlığın uğurlu inkişafı və gücləndirilməsi məsələsini müzakirə etdi. Eyni zamanda, tərəflər hərbi-texniki əməkdaşlıq sahəsində səylərin artırılmasına və birgə təlimlərin keçirilməsinə ehtiyacaolduğunuabildirdilər.

Bu təlimlərin bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyi qeyd olundu.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimində Türkiyə müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ortaq mərkəzin vəzifələrini dəqiqləşdirdi: “Əslində, Azərbaycanın Ağdam rayonunda yaradılmış bu mərkəzin fəaliyyəti, sadəcə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə əməl olunmasına nəzarətlə məhdudlaşmır, həm də regional sabitliyə əlavə zəmanət verir.”

Bütün bunlar göstərir ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir.

Birgə Monitorinq Mərkəzinin qərargahı paritet əsasda qurulmuşdur, hər tərəfdən bərabər sayda nümayəndə təmsil olunur. Rusiya hərbçilərinə general-mayor Viktor Fedorenko, türklərə isə general-mayor Abdullah Qatırçı komandanlıq edir. Mərkəz atəşkəs rejiminə riayət olunması, qarşıdurmaların qarşısının alınması, olduğu təqdirdə təşəbbüskarının müəyyən edilməsi barədə məlumatları toplayır, yoxlayır və ümumiləşdirir. Nəzarət pilotsuz uçuş aparatları və digər texniki vasitələrdən istifadə olunmaqla həyata keçirilir.

Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratmışdır. Mərkəzin effektiv fəaliyyətini təmin etmək məqsədilə zəruri bütün şərait yaradılmışdır. Artıq monitorinq mərkəzi bir neçə aydır ki, fəaliyyət göstərir. Yerləşdirmə nöqtəsi tərəflərin təmas xəttindən 8 kilometr, Xankəndidən düz xətt üzrə təxminən 30 kilometr, avtomobil yolu boyunca isə 41km məsafədədir.

Rus-türk mərkəzinin xidmət və məişət binaları modul prinsipi əsasında açıq ərazidə inşa edilmişdir və həm xidmət, həm də istirahət üçün lazım olan bütün avadanlıqlarıla təchiz olunmuşdur. Obyektin ərazisi (təxminən dörd hektar sahəyə malikdir) Azərbaycan Ordusu tərəfindən qorunur.

Tərəflərin razılığına əsasən, ortaq mərkəzin türk hərbi mütəxəssisləri patrul xidməti göstərməyəcək, Mərzili kəndindən davamlı şəkildə hava və radiotexniki kəşfiyyat aparacaqlar.

Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdir.

Türkiyə və Rusiya əsgərləri birlikdə fəaliyyət göstərərək regionda sülh və sabitliyin təmin edilməsi missiyasını yerinə yetirəcəklər. Mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək istiqamətində fəaliyyət göstərəcək.

Dövlət başçısı İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi, Türkiyə -Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması post müharibə dövrü üçün çox önəmli addımdır və mərkəzin fəaliyyəti regionda uzun müddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcəkdir.

QARABAĞ AZƏRBAYCANDIR!

 

 

Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli orta məktəbin tarix müəllimi Sevda Kamal qızı Məmmədova