Şəki şəhər 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnarə Əzizova və Rəvanə Qəhrəmanovanın təşkilatçılığı ilə "2021-ci il Nizami Gəncəvi ili” adlı onlayn tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru, məktəbin müəllimi və şagird kollektivi iştirak ediblər.
Onlayn tədbirin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.
Onlayn tədbirdə çıxış edən məktəbin direktoru Bəkir Xəlilov Azərbaycan xalqının milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, tanınmış mütəfəkkirlər yetişdirdiyini qeyd edərək, onların hər zaman yad olunmasının vacibliyini vurğulayıb. Dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının şagirdlərə bu kimi tədbirlər vasitəsilə çatdırılmasının önəmli olduğunu bildirən məktəbin direktoru Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu söyləyib.
Sonda dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə videoçarx nümayiş etdirilib.