20.01.2021

20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş onlayn tədbirlər keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş onlayn tədbirlər keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə təhsil  müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.

Tədbirlərdə Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi kimi yaşadılması, təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Qeyd edilib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız düşməndən azad edilib, onların başladığı mübarizə yolu tam qələbə ilə başa çatıb.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,