19.02.2020

“Yol hərəkəti təhlükəsizliyi” adlı tədbir keçirilib.

Şəki rayonu Qırxbulaq kənd ümumi orta məktəbdə “Yol hərəkəti təhlükəsizliyi” adlı tədbir keçirilib. Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması olub.

Məktəbin direktoru Araz İsmayılov belə vacib tədbirin keçirildiyi üçün təşkilatçılara öz dərin minnətdarlığını bildirərək yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən söz açıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək bildirib ki, yol təhlükəsizliyi gündəmdə olan vacib məsələlərdən biridir. Məktəbə yaxın ərazilərdə yol təhlükəsizliyinin təmin olunması məsəllərində müəllim və valideynlərin rolu əvəzsizdir. Məktəblərdə isə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə yeni imkanlar yaradır.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş olunub.

Tədbirin sonunda  şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,