Samirə Səlimova 1983-cü ildə Şəki şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2008-ci ildə Bakı Slavyan Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2006-cı illərdə Şəki şəhər 20 nömrəli tam orta məktəbdə, 2009-2011-ci illərdə isə Şəki Pedaqoji Texnikumunda pedaqoji fəaliyyətlə məsğul olub. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanda 51 bal toplayaraq Şəki rayon Çələbixan qəsəbə tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub.
- Samirə xanım, müəllimlik peşəsi haqqında çox sözlər söylənilib, fikirlər də müxtəlifdir. Siz necə düşünürsünüz bu barədə?
- Müəllimlik peşəsi olduqca həm şərəfli, həm də məsuliyyətli peşədir. Bəzən fiziki əmək tələb edən işdə çalışanlar müəllimliyin o qədər də çətin olmadığını düşünürlər. Amma əsla belə deyil. Bu sənət həm fiziki, həm də zehni yorğunluq tələb edir. Bəzən uşaqların nadincliyini də bura əlavə etsək əsəbi yorğunluq da özünü göstərir. Hansı sənət sahəsində çalışırsan çalış, hər kəs həyatının müəyyən dövründə peşəkar müəllim rəhbərliyinə ehtiyac duyur. Digər peşə sahiblərinə müraciət etməyən çox insan var, amma müəllim qarşısında əyləşməyən birini tapmaq, məncə, çətindir. Cəmiyyətimizdə hörmət əlaməti olaraq insanlara “müəllim” deyə müraciət edilməsi bu peşənin nə qədər şərəfli olmasını bir daha təsdiqləyir.
- İlk dərs gününüzü necə xatırlayırsınız?
- Çox yaxşı, şagirdlər məni, mən də onları tanımağa çalışdım. İlk dərsim 5-ci sinifdə idi. Nədənsə, uşaqlar mənə çox doğma, şirin gəldilər. Hər biri fəal iştirak edib, yeni müəllimlərinin ürəyinə yol tapmağa çalışırdı. Düşünürəm ki, mən də müəyyən qədər onların sevgisini qazana bildim. Bunu uşaqların üzündəki təbəssümdən anlamaq olardı.
- İşlədiyiniz məktəb yaşadığınız yerdən kifayət qədər uzaqdır. Gəlib-getmək sizin üçün çətin deyilmi?
- Əvvəllər çətin görünürdü. Yollar uzanır, bitmək bilmirdi, sanki sonu olmayan bir yerə gedirəm. İndi öyrəşmişəm. Artıq yol gedərkən məktəbdə məni səbirsizliklə gözləyən uşaqları düşünürəm.
- Kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olursunuz. Hansı çətinliklərlə rastlaşırsınız?
- Hər bir işin çətinliyi var. İndiyədək elə bir ciddi çətinliklə qarşılaşmamışam. Lakin burada bəzi valideynlərin övladlarını təsərrüfat işlərində çalışdırmaqla, onlara verilən tapşırıqları yetərincə hazırlamaqlarına mane olduğunun şahidi oldum. Düzdür, övlad valideynə kömək etməlidir, amma əsas vəzifəsinin oxumaqdan ibarət olduğunu unutmamaq şərtilə.
- Şagirdlərinizlə münasibətiniz maraqlıdır. Onlar bir müəllim kimi sizi necə tanıyırlar?
- Uşaqlarla münasibətim yaxşıdır. Ümumiyyətlə, onlarla işləməyi çox sevirəm. Məncə, qarşındakını anlamaq üçün bəzən özünü onun yerində hiss etmək lazımdır. Axı biz də nə vaxtsa, uşaq olmuşuq… Onların enerjisi dərsdə mənə də keçir. Uşaqlarla həmişə səmimi münasibət qurmağa çalışmışam. Sizə bir əhvalat danışım. Dərs ilinin əvvəllərində özümü çox yorğun hiss edirdim. Saatlarımın azalması üçün məktəb rəhbərliyinə müraciət etdim. Çıxış yolu kimi 5-ci sinfin alınıb, başqa sinfin verilməsi təklif olundu. Fikirləşmək üçün bir gün vardı. Dərs qurtarıb evə gedəndə 5-ci sinif şagirdləri mənə kağız təqdim etdilər. Evdə oxuyub, çox təsirləndim. Ertəsi gün qərarımı verdim: Uşaqların mənə olan etimadını doğrultmalıydım və onlardan imtina etməyə haqqım olmadığına əmin oldum.
- Samirə xanım, müəllim olmasaydınız, özünüzü hansı peşə sahibi kimi görərdiniz?
- Əslində müəllimlik üzərində böyük bir məsuliyyətin olduğu, eyni zamanda çətin, həm məsafə uzaq olduqda fiziki, həm də əqli, psixi, mənəvi güc tələb edən peşədir. Müəllim sağlam düşüncəyə, geniş dünyagörüşə sahib olmalıdır. Tam səmimiyyətimlə qeyd edim ki, pedaqoji fəaliyyətə başlayarkən də, elə indi də, həmin sualı öz-özümə ünvanlayıram. Cavabında isə müəllimlikdən başqa özümü hər hansı bir peşənin sahibi kimi görməzdim, qənaətinə gəlirəm. Mənim kimliyim, xarakterim, qəlbimdə olan şagird sevgisi, fənn sevgisi yalnız bu peşə üçün yaradıldığıma nümunədir.
- Bu gün müəllim nüfuzunun yüksəldilməsi əsas müzakirə mövzularından biridir. Sizcə, müəllim nüfuzlu olmaq üçün nə etməlidir?
- Müəllim nüfuzlu olması üçün birinci növbədə özünə hörmət etməlidir, əsl müəllim kimi davranmalıdır. Bura geyimdən tutmuş, davranışa qədər hər şey daxıldir. Bir müəllimin davranışı bütün müəllimlər haqqında təsəvvür yarada bilər; bu, müsbət də ola bilər, mənfi də. Cəmiyyətimizdə müəllim haqqında həmişə müsbət fikir formalaşıb, müəllim ictimai yerlərdə ən hörmət edilən insanlardan olub. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Çalışmalıyıq ki, şərəfli müəllim adını həmişə uca tutaq.