Noyabrın 27-də Şəki şəhər 14 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları, məktəbin müəllimləri və IX, X, XI sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin metodisti Anar Məmmədov qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb.
Tədbirlərin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Muradov “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin baş inspektoru Maqsud Məsimov “Dini radikalizimə qarşı mübarizə hər birimizin borcudur” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Daha sonra məktəbin direktoru İradə Abdullayeva rəhbərlik etdiyi məktəbdə belə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirib. O, məktəbin nailiyyətlərindən qarşıda duran məqsəd və vəzifələrdən də söhbət açıb.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Muradov məktəbin təhsil və ictimai işlərdə fəal olan şagirdlərə Fəxri fərman təqdim edib.