Noyabrın 27-də Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Cahana sığmayan düha" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Rəhimovanın təşkilatçılığı ilə keçirilib.
Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, qonaq qismində digər məktəblərdən müəllimlər, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin Azərbaycan-dili və ədəbiyyatı müəllimi Güldanə Rəhimova bildirdi ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. O, Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.
Sonda çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev bildiriblər ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.
Tədbirdə Nəsiminin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.