Gülbəniz İsrafilova 1966-ci ildə Şəki şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdikdən sonra həmin il Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Pedaqoji fəaliyyəti müddətində olimpiadalara hazırladığı şagirdlər yüksək nəticələr göstərib. Dərs dediyi şagirdlərin əksəriyyəti ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Onların arasında Gülbəniz müəllimin ixtisasını seçənlər də var.
- Gülbəniz xanım, müəllimlik peşəsini necə oldu ki, seçdiniz?
- Mənim uşaqlara və daim öyrənib-öyrətməyə olan məhəbbətim riyaziyyat müəllimi olmağıma əsas səbəb hesab edilə bilər. Hələ orta məktəbdə oxuyanda bəxtimdən bizə nəinki məktəbimizin, hətta rayonumuzun adlı-sanlı müəllimləri dərs deyirdilər ki, onların şəxsi nümunələri, heç şübhəsiz ki, mənim peşə seçimimdə həlledici rol oynamaya bilməzdi. Həmişə ən yaxşı müəllimlərimə bənzəməyə çalışırdım.
- Bu gün peşə seçiminizdən razısınızmı?
- Bəli, seçimimdən bu gün razıyam, özü də lap çox. Hər şeydən əvvəl düşünüb-daşınıb bu addımı atmışam. Görəndə ki, şagirdlərim məni sevir, seçimimdən razı qalıb, daha da sevinirəm. Ölkəmizdə də müəllim nüfuzunun yüksəlməsi istiqamətində görülən sanballı işlərin səmərəsi müntəzəm olaraq artır, bu da müəllimin fəaliyyətində əlavə və daha etibarlı stimul yaradır. Hər il daha çox sayda istedadlı gənclərin müəllimlərin sırasında yer alması nikbinliyi artıran amillərin sırasında əhəmiyyətli yer tutur.
- Şagirdlərə tövsiyəniz nə ola bilər?
- Şagirdlərə tövsiyə edərdim ki, qədim Çin atalar sözünü həmişə yadda saxlasınlar: “Gündən-günə artmayan bilik gündən-günə azalar.” Hər bir gənc gələcəkdə özü, ailəsi və ölkəsi üçün dəyərli vətəndaş olmağa borcludur. Buna isə məhz məktəb partası arxasında, məktəbdə hazırlaşmaq lazımdır. Gənclərimiz bütün elm sahələri üzrə əsaslı və dərin biliyə malik olmalı, bütün həyatları boyu müstəqil öyrənmək vərdişlərini qazanmalıdırlar.
- Sizin uğur formulunuz nədir?
- Mənim uğur fəlsəfəm rus filosofu Belinski demişkən: “İrəli getməyən geriyə getməlidir, dayanıqlıq vəziyyəti mümkün deyildir”. Həmişə yeniliyə can atmaq, səhvlərdən ruhdan düşməmək, əksinə, daha sağlam nəticə çıxarmaq, özünə və ətrafdakılara qarşı tələbkar olmaq lazımdır.
- Artıq 32 ildir ki, müəllim vəzifəsində çalışırsınız. İşlədiyiniz məktəb haqqında nə deyə bilərsiniz?
- Mən 1988-ci ildən həmin kollektivdə işləyirəm. Kollektivlə aramızda yaranan və hər an artıb inkişaf etməkdə olan qarşılıqlı hörmət və məhəbbət, eləcə də elmi, pedaqoji-metodiki əməkdaşlıq uğurlarımın rəhnidir. Kollektivimizdə yüksək peşəkarlığı, şəxsi və iş keyfiyyətləri ilə bütün rayonda tanınan müəllimlərimiz də az deyil.
- Əgər müəllim olmasaydınız?
- Müəllim olmaya bilməzdim. Uşaqlara öyrənib-öyrətməyə olan məhəbbətim, riyaziyyatı çox dərindən sevməyim başqa variantları qeyri-mümkün edir. Cəmiyyət özünün ən böyük sərvətini məhz müəllimlərə etibar etmişdir. Bunu da məsuliyyətlə qiymətləndirməyə borcluyuq.
- Son illərdə məktəblərimizdə gənc müəllimlərin sayı artmaqdadır. Bu, təcrübəli müəllim kimi sizi sevindirməyə bilməz...
- Bu, təhsil sahəsində aparılan islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Pedaqoji kollektivlərimizdə istedadlı gənc müəllimlərin sayının getdikcə artması nikbinlik yaradan amillərdən biridir.
- Öz uğurlarınız barədə, yəqin ki, deyiləcək sözünüz çoxdur...
- Pedaqoji fəaliyyətim dövründə uğurlarımın sayı çox olub. Məktəb, təhsil şöbəsi və şəhər icra hakimiyyəti rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki komitəsi tərəfindən dəfələrlə təltif edilmişəm. 2014-cü ildə Təhsil İnstitutu və “Demokratik Gənclər” İctimai Birliyinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə birgə həyata keçirdikləri “Ən Yaxşı Bloq” müsabiqəsində IV yeri tutaraq uğur diplomuna layiq görülmüşəm. 2015-ci ildə Təhsil Nazirliyi və “Edumedia Azərbaycan” təşkilatının birgə təşkil etdiyi “Prometan interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin V-XI siniflər üçün hazırlanmış ən yaxşı resurs nominasiyası üzrə fərqlənmə sertifikatına, həmin ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə I yerə layiq görüldüm. 2016-cı ildə iki şagirdim - Möhlət Kərimov və Murad Nəsrullayev “Elektron Təhsil” Respublika müsabiqəsində iştirak edərək “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyası üzrə fərqlənmə diplomu ilə mükafatlandırılıb. Riyaziyyat müəllimi kimi 2017-ci ilin may ayında keçirilən diaqnostik qiymətləndirmə imtahanında rayon üzrə maksimum bal - 58 bal (ixtisas üzrə 40, metodika üzrə 18) toplamışam. 2019-cu ilin iyul ayının 10-da müəllimlərin işə qəbulu imtahanında informatika fənni üzrə 57 bal toplayaraq yüksək nəticə göstərmişəm.
Və bu uğurların davamı olaraq 2017-ci ildə Təhsil Naziriliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam.
- İndi, artıq peşəkar müəllimsiniz, kifayət qədər təcrübəniz var. Bəs, ilk fəaliyyətə başlayanda hansı çətinliklərlə qarşılaşdınız?
- Mən ilk fəaliyyətə başlayanda da, indi də, təsəvvür edin ki, çətinliklərdən daha çox özümə qarşı diqqət və qayğılarla qarşılaşmışam. Məktəbimizdə rəhbərliyin elmi, pedaqoji-metodiki cəhətdən çox yüksək peşəkarlığı istənilən çətinliyin dərhal aradan qaldırılmasını təmin edir və belə kollektivdə işləmək son dərəcə şərəfli və maraqlıdır. Hər bir müəllim belə kollektivdə işləməyi yalnız arzulaya bilər. Məktəbimizdə bütün ixtisaslar üzrə rayonun ən yaxşı və istedadlı müəllimləri çalışır.
- Müəllim olmaq istəyənlərdə hansı xüsusi keyfiyyət və bacarıqlar lazımdır?
- Müəllim başqaları ilə müqayisədə daha təmkinli, səbrli, bütün işlərini əvvəlcədən planlaşdırmağı bacaran, qarşıya qoyulan məqsədlərin içərisində ən başlıcasını düzgün müəyyənləşdirə bilən, bu başlıca məqsədə çatmağın ən optimal variantını seçə bilən olmalıdır. Hər şeydən əvvəl uşaqları, xalqını və Vətənini böyük məhəbbətlə sevməklə hamıya nümunə olmalıdır.
Müəllimlər hər gün öz üzərlərində çalışmağı və uşaqları daha çox sevməyi özlərinin həyat kredosuna, həyat fəlsəfəsinə çevirməlidirlər. Böyük rus pedaqoqu A.S.Makarenko deyirdi ki, “Müəllim nə qədər öyrənirsə, məhz o qədər müəllimdir”.
Bu gün ən başlıca amillərdən biri böyüməkdə olan nəslin vətən üçün daha dəyərli vətəndaş olmasını təmin etməkdən ibarətdir. Ona görə də bütün fənlərin tədrisində mühüm amillərə xüsusi diqqət yetirilməlidir.