Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən şagirdlərlə görüş keçirilib.
Görüşdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, valideynlər və məktəblilər iştirak ediblər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün ziyarət edib, önünə gül dəstələri düzüblər.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, artıq altıncı ildir ki, Azərbaycanın orta məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Cənab Prezidentimiz İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl adət halı alıb.
Bildirilib ki, Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Növbəti tur-aksiyanın birinci və ikinci mərhələsi çərçivəsində, ümumilikdə, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 18 rayonun 810 şagirdinin Şəki şəhərinə ekskursiyası təşkil olunacaqdır. Şəki şəhərindən olan 40 nəfər məktəbli Lənkəran -Masallı-Astara marşrutu üzrə tur-aksiyaya qoşulacaqlar.
Qeyd olunub ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiyanın hər iki mərhələsində ənənəyə uyğun olaraq, məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.