01.11.2019

Maarifləndirmə tədbiri keçirilib.

Oktyabrın 31-də Şəki rayon Qoxmuq kənd tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil şöbəsinin nümayəndəsi Anar Məmmədov qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb.

Tədbirlərin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.

Tədbirdə çıxış edən Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov bildirib ki, narkotik aludəçisi olan insanlar öz-özlərini ölümə məhkum edirlər. Belə ki, bu maddələrdən istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə başlayır. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütun olduğunu deyən A.Muradov onları diqqətli və ehtiyyatlı olmağa, narkotik vasitələrdən uzaq durmağa çağırıb.

Çıxış edən Şəki Rayon Prokuroru Elmar Camalov dini radikalizm və erkən nikahın fəsadları barəsində geniş məruzə ilə çıxış edib. O, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərdə əsas məqsədin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, radikal dini təriqətlərə meyilliliyin qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq olduğunu bildirib.

Sonra çıxış edən DYPB-nin inspektoru, polis baş leytenantı Tural Niftalıyev də məktəblilərə yol hərəkəti qaydaları, piyadanın vəzifələri barədə məlumat verib.

Daha sonra məktəbin direktoru Günay Daşdəmirova rəhbərlik etdiyi məktəbdə belə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirib. O, məktəbin nailiyyətlərindən qarşıda duran məqsəd və vəzifələrdən də söhbət açıb.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,