Sentyabrın 16-da Şəki şəhərində Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin filialının açılışı olub.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, filialın müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova açaraq, lisey siniflərin fəaliyyətə başlamasının rayonun, eləcə də gələcəkdə bölgənin təhsil həyatı üçün əhəmiyyətini vurğulayıb, kollektivə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev bildirib ki, bu il ilk dəfə olaraq, Şəki, Gəncə, Quba və Şirvan şəhərlərində lisey siniflər təşkil edilib. Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.
Bu gün Azərbaycanın hər yerində böyük bayram sevincinin yaşandığını vurğulayan Təhsil Nazirliyinin nümayəndəsi deyib: “Təhsil hər bir şagird üçün əlçatan olmalı və keyfiyyətli olaraq həyata keçirilməlidir. Nazirlik tərəfindən bu istiqamətdə bir çox layihələr həyata keçirilir və bu iş davamlı xarakter daşıyır. Təhsil hər kəs üçün önəmlidir. Yerlərdə, bölgələrdə olan istedadlı şagirdlərin üzə çıxarılması, onların elmi potensiallarının inkişaf etdirilməsi, gələcəkdə Vətəninə, dövlətinə, millətinə, xalqına faydalı insanlar olaraq yetişməsində bizim də böyük əməyimiz olmalıdır. Müasir dünyanın çağırışlarına cavab verə bilən, beynəlxalq təcrübəyə yiyələnən, texnika və texnologiyaya dərindən bələd olan, beynəlxalq müsabiqə və yarışlarda mübarizə apara biləcək şagirdlərin yetişməsi Azərbaycan gəncliyi üçün çox önəmlidir. Dövlət o vaxtı güclüdür ki, onun iqtisadiyyatı güclü olsun. İqtisadiyyatın güclülüyü texnikadan, onun var olması texnologiyadan, texnologiya elmdən asılıdır. Elmin inkişafı isə təhsillə başlayır”.
Diqqətə çatdırılıb ki, lisey siniflərin kontingentini əsasən fənn müsabiqələrində iştirak etmiş şagirdlər təşkil edirlər. Qəbul iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə isə qəbul imtahanları keçirilib. Şəki şəhəri üzrə imtahanlarda 197 şagird iştirak edib.
Fuad Qarayev bildirib ki, lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilib.
Filialın direktoru Ariz Abdullayev bu təhsil ocağının gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, lisey bu tədris ilində 6 siniflə fəaliyyət göstərəcək. Biri 6-cı, ikisi 7-ci, ikisi 8-ci və biri 9-cu siniflər olmaqla, ümumilikdə, liseydə 144 şagird təhsil alacaq. Şagirdlərin 26 nəfəri fizika-riyaziyyat təmayüllü liseydən gəlib, 27 nəfər fənn müsabiqələrinin qalibi kimi liseydə oxumaq şansı qazanıb. Kontingentin qalan hissəsi isə sentyabrın 10-da keçirilən imtahanda yaxşı nəticə göstərən şagirdlər arasından seçilib.
Tədbirdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov, rayon ağsaqqalları çıxış edərək liseyin şagird və müəllim kollektivinə yeni tədris ilində yüksək uğurlar arzulayıblar.
Sonra tədbir iştirakçıları liseydə yaradılan şəraitlə tanış olublar.