04.09.2019

Tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Şəki Şəhər Heydər Əliyev Mərkəzində tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, təhsil şöbəsinin kollektivi, məktəb direktorları və məzunlar iştirak ediblər.

Tələbələr əvvəlcə Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olublar.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına dövlət səviyyəsində çox böyük diqqət və qayğının göstərildiyini bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin bu sahədə apardığı siyasət neft kapitalını insan kapitalına çevirmək, eyni zamanda, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına nail olmaq kimi mühüm məqsədə xidmət edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində gördüyü işlər isə Azərbaycanın təhsil tarixində mühüm bir mərhələdir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edən Elxan Usubov son 15 ildə rayonda 48 yeni məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu, o cümlədən 9 modul tipli məktəbin quraşdırıldığını, hazırda Şəki şəhərindəki 11 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik yeni məktəb binasının tikintisinin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, təhsil sisteminin yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.

Sonra Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək, rayon məktəblilərinin ötən tədris ilində qazandıqları uğurlar barədə ətraflı məlumat verib. Bildirilib ki, 2018-2019-cu tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran dörd məzun Təhsil Nazirliyi tərəfindən qızıl, bir nəfər isə gümüş medala layiq görülüb, 93 nəfərə fərqlənmə attestatı verilib.

Daha sonra çıxış edən Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Sonda  çıxış edən məzunlar təhsildə qazandıqları uğurlara görə valideyn və müəllimlərinə minnətdarlıq edib, onların etimadını layiqincə doğruldacaqlarını bildiriblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Şəki rayon ümumtəhsil məktəblərində ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1149 nəfər məzundan 841 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 140 nəfəri 500 baldan,  54 isə nəfər 600 baldan yuxarı nəticə göstərib.