26.07.2019

Gənc müəllimlərin yay məktəbində təlimlər başa çatıb

İyulun 26-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəki şəhərində təşkil etdiyi Azərbaycan Gənc Müəllimlərinin Yay Məktəbi başa çatıb.

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan yay məktəbinin bağlanış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova,  şəhər təhsil şöbəsinin əməkdaşları və layihənin təşkilatçıları iştirak edib.

Tədbirdən öncə gənc müəllimlər Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova qonaqları salamlayıb, son illərdə təhsil sahəsində həyata keçirilən hər bir layihənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov layihənin məqsədlərindən danışaraq gənc müəllimlər üçün yay məktəbinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini qeyd edib edib ki, yay məktəbi müəllimlərin təcrübə mübadiləsi aparması, onların pedaqoji müharizələrdə  iştirakı, peşəkarlığının artması və  səmərəli fəaliyyəti baxımından böyük önəm daşıyır.

Dörd gün davam edən təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

Yay məktəbinə 30-a yaxın müəllim qatılıb. Onlara pedaqoji mövzular üzrə təlimlər keçirilib, həmçinin komanda oyunları təşkil olunub. Yay məktəbində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi ediblər.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi  istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar  və səmərəli işləməyə həvəsləndirməkdir.

 


Açar sözlər: