Aytən Quliyeva 1989- cu ildə Oğuz rayonu Filfilli kəndində anadan olub. 2006-cı ildə Odlar Yurdu Universitetinin Riyaziyyat-informatika fakültəsinə daxil olub, 2010-cu ildə həmin universiteti bitirib. 2018-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində müvəffəqiyyətlə iştirak edərək Şəki rayon Babaratma kənd ümumi orta məktəbində fəaliyyətə başlayıb.
Aytən xanım, necə oldu ki, müəllim olmağa qərar verdiniz?
Mən müəllim ailəsində anadan olmuşam. İlk oyuncaqlarım belə kitablar olub. Müəllimə sevgi, öyrətmək hissi mənə kiçik yaşlarımdan aşılanıb. Göz açdığım, yaşadığım, böyüdüyüm mühit, valdeyinlərimin pedoqoji fəaliyyətlə məşğul olmaları məndə müqəddəs, eyni zamanda da şərəfli peşə olan müəllimlik peşəsinə həvəs oyatdı.
Babaratma kənd ümumi orta məktəbini seçərkən məktəbi necə təsəvvür edirdiniz və işə başlayanda real olaraq hansı vəziyyətlə rastlaşdınız?
Ucqar kənd məktəbi olmaqla müəyyən çətinliklərin olmasını bilirdim. Lakin peşəmə olan dərin sevgim məni bu çətinliklərdən qorxutmurdu. Çünki, əvvəlcədən bunlara hazırlaşmışdım. İlk gündən məktəb rəhbərliyi və kollektivin mənə göstərdiyi isti münasibət bu çətinlikləri aradan qaldırılmasına kömək etdi.
Kənd məktəbində uzun müddət müəllim kimi çalışmaq fikriniz varmı?
Müəllimlik peşəsi nəcib və çox çətin peşədir. Həyatını ona həsr edən adamdan daim yaradıcılıq, əməksevərlik, yorulmadan işləmək, qəlb genişliyi, uşaqlara məhəbbət, işə hədsiz sədaqət tələb edir. Əlbəttə ki, belə olduğu halda fərq etməz kənd və yaxud şəhər. Böyük bir sevgi ilə sinfə daxil olub öz sevimli şagirdlərimi görəndə kənd və ya şəhər haqda deyil, bilik və bacarığımı öz sevimli şagirdlərimə öyrətmək haqqında düşünürəm.
Siz dərslərdə səs salan, dərsə mane olan şagirdləri necə “cəzalandırırsınız”
Müəllim həm də təbii ki, psixoloq olmalı, sinfə girdiyi ilk gündən qarşısındakı şagirdlərin fərdi xüsusiyyətlərini öyrənməyə çalışmalı, “narahat” şagirdlərə fərdi yanaşmalı, onların maraqlarına biganə qalmamalıdır. Onlarla ünsiyyət mövcud ola biləcək problemlərin aradan qaldırılmasına mənə kömək edir. Çünki müəllim ruhun tərbiyyəçisidir.
Müəllim-şagird münasibətlərində nəyi diqqətdə saxlayırsız?
Müəllim şagirdlərinə təkcə bilik verməklə kifayətlənməməli, həm də onların gələcəkdə bir şəxsiyyət kimi yetişməsinin də qayğısına qalmalıdır. Hər şagirdə fərdi yanaşma tərzi nümayiş etdirmək, şagirdlərdə özünə inam hissi formalaşdırmaq, onlarla doğma insan kimi rəftar etmək mənim üçün daim diqqət mərkəzində saxlanılacaq məsələlərdəndir.
İşlədiyiniz pedaqoji kollektiv haqqında nə deyə bilərsiniz?
Çox gözəl bir pedaqoji kollektivdə çalışıram. Kiçik də olsa bizim kollektiv mehriban və səmimidir. İlk gündən mənə qayğıkeşliklə yanaşmaları pedaqoji fəaliyyətimə müsbət təsir göstərir.
Arzunuz və gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
İlk öncə, sözün əsl mənasında, öz sahəmin peşəkarı, müəllim kimi böyük nüfuza malik olmaq istəyirəm. Öz üzərimdə çalışmaqla, bilik və bacarığımı ixtisasıma uyğun olaraq daha da artırmaq, İnformatika fənnini müasir tələblər səviyyəsində tədris etməklə daha da yüksək nəticələr qazanmaqdır. Gələcəkdə bu sahədə təhsilimi artırmaq arzusundayam.
Bir müəllim üçün ən gözəl hədiyyə Sizcə nədir?
Təbii ki, bir müəllim üçün ən gözəl hədiyyə yetişdirdiyi şagirdinin cəmiyyətdə tutduğu yüksək, müsbət mövqeyi və bir şəxsiyyət kimi yetişməsidir
Hazırda tədris etdiyiniz fənn üzrə şagirdlərinizin bilik səviyyəsi Sizi qane edirmi?
Müəllim hər bir dərsini keçməzdən əvvəl özü üçün müəyyənləşdirməlidir - nəyi tədris etməliyəm, necə tədris etməliyəm və nə üçün tədris etməliyəm? Hal-hazırda şagirdlərimin bilik səviyyəsi məni tam qane etmir, lakin çalışıramki gələcək fəaliyyətimdə bu boşluqları aradan qaldırım.
Müəllim olmaq istəyənlərə nə tövsiyə edərdiniz?
Həqiqi müəllim olmaq üçün insan öz xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən bilməli, seçdiyi ixtisası dərindən bilməli və sevməlidir. Əbəs yerə müəllim ömrünü yanan şama bənzətmirlər. Əsil müəllim olmaq üçün ömrün yollarında məsuliyyətlə, inamla irəliləməlidir.
Aldığınız məvacib Sizi qane edirmi?
Mənim üçün yeni nəslin sağlam, kamil, elmli yetişməsi önəmlidir, aldığım əməkhaqqı yeni işə başlamış bir müəllim kimi məni qane edir. Amma mən bu sənəti seçərkən alacağım əməkhaqqını deyil, yetişdirəcəyim yeni nəslin gələcəyini düşünmüşəm. Son olaraq yenə qeyd etmək istəyirəm ki, müəllim olmaq asan iş deyil. Öz həmkarlarıma bu işdə uğurlar arzulayıram. Unutmayaq ki, biz yeni nəsil yetişdiririk.