Şəki şəhər 1 nömrəli tam orta məktəbdə Riyaziyyat fənnindən “Ədədi silsilənin ilk n həddinin cəmi düsturu” mövzusunda açıq dərs keçirilib. Məktəbin riyaziyyat müəllimi Rəna Əhmədəliyeva tərəfindən keçirilən dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak edib.
Dərsin keçirilməsində məqsəd şagirdlərə ədədi silsilə haqqında məlumat vermək, ədədi və həndəsi silsilə, onların hesablanma qaydası, ilk n həddin cəminin tapılması üsullarını izah etməkdən ibarətdir.
Açıq dərsdə şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qruplar üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən təqdim edilib. Ədədi ardıcıllıq mövzusu üzrə müxtəlif formatlı tapşırıqları şagirdlər tərəfindən yerinə yetirib.
Şagirdlərin “Həndəsi silsilə”, “Ədədi silsilə”, “Ardıcıllıq” adlı 3 qrupa bölündüyü dərs fəal diskussiya şəklində təşkil olunub.
Sonda keçirilən açıq dərs müzakirə olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimləri çıxış edərək açıq dərsin yaxşı təşkil olunduğunu və şagirdlərin riyaziyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.