Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli tam orta məktəbdə Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvin Əliyeva və məktəbin kitabxanaçısı Sumayə Allahverdiyeva tərəfindən təşkil olunub.
Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması, onlarda dünyagörüşün inkişaf etdirilməsi, əsərlərdən müəyyən hissələri səhnələşdirməklə bədii qiraət bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Məktəbin Azərbaycan-dili və ədəbiyyat müəllimi Pərvin Əliyeva Hüseyn Cavid yaradıcılığı barədə məlumat verərək bildirib ki, onu ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və böyük şöhrət qazandıran dram əsərləridir. Hüseyn Cavid XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilir.
Daha sonra təhsil şöbəsinin metodisti Gülxar Salamova Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən Ə.Vəliyev bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.
Tədbirin gedişatında şagirdlərin ifasında “İlk bahar”, “Bir zamanlar”, “Qız məktəbində”, “Qadın” şeirlərin və “İblisin monoloqu” ifa olunub, müxtəlif səhnəciklər nümayiş etdirilib.