Şəki rayon ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə Novruz bayramı qeyd edilib.
Təhsil şöbəsinin əməkdaşlarının, müəllim, valideyn və şagirdlərin qatıldıqları tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.
Tədbirlərdə məktəblilər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.
Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.