Martın 1-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon konfransı keçirilib.
Konfransda Şəki Şəhər Təhsil Şöbəsinin, Şəki şəhər İcra Hakimiyyətinin, TİAHİ Şəki rayon Komitəsinin nümayəndələri, ümumtəhsil müəssisələrinin rəhbərləri və qabaqcıl müəllimləri iştirak ediblər.
Konfransın keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdir.
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova giriş sözü ilə çıxış edərək keçirilən konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər bir yeniyetmə və gənc azərbaycançılıq ideologiyasını dərk edərək Azərbaycanın inkişafı naminə öz töhfəsini verməlidir. Ulu öndər HeydərƏliyevin qurub yaratdığı müstəqil dövlətin qorunub saxlanılmasında ölkə başçısına dəstək olmalı və sağlam əqidəli gəncliyin formalaşdığını öz əməlləri ilə sübut etməlidirlər.
“Umummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir”, “Azərbaycan dili azərbaycançılığın təməl daşıdır”, “XX əsrin əvvəllərində (1900-1920) Azərbaycan demokratik fikirində azərbaycançılıq məfkurəsi”, “Azərbaycan dili və ədəbiyyat dərslərində azərbaycançılıq ideologiyasının təbliği”, “Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır” “Vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında azərbaycançılıq ideologiyasının rolu”, “Məktəblilərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsində sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu”, “Uşaq və yeniyetmələrin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsində məktəb kitabxanalarının rolu”, “Xalqımızın gələcəyə daşımalı olduğumuz milli-mənəvi dəyərlərı”, “Azərbaycan Respublikasında miltikulturalizm siyasəti azərbaycançılıq ideologiyasının əsas müddəalarından biri kimi” mövzularda məruzələr dinlənilib.
Daha sonra Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, TİAHİ Şəki rayon Komitəsinin sədiri Ziyafət Xasıyeva və Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev çıxış edərək bildiriblər ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhu əsasında formalaşır. Azərbaycan gəncliyi xalqımızın əsrlər boyu yaratdığı dövlətçilik ənənələrini, milli mədəniyyəti gələcəyə daşıyan böyük qüvvədir. Onlar dövlətimizin həm bu günü, həm də gələcəyidirlər.
Konfransın sonunda şagirdlər Azərbaycana, Vətənə aid şeirlər söyləyiblər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Qeyd edək ki, bu konfrans təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirilir.