Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.
Təhsil müəssisələrində “Xocalı soyqırımını unutma”, “Unudulmayan faciə, sağalmaz yara”, "Xocalısız 27 il", “Xocalı-əsrin faciəsi”, “Xocalı uşaqların gözü ilə”, "Xocalı qətliamı dünya tarixinin qan yaddaşında", “Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri təşkil edilib.
Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığı, fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyü bir daha şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.