20.02.2019

Səyid Əsədov: “Şagirdlərimi əsl vətəndaş kimi yetişdirmək ən böyük amalımdır”

Səyid Əsədov 1993-cü ildə Samux  rayon Qovlarsarı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tarix-coğrafiya fakültəsinə daxil olub. 2015-ci ildə universitet təhsilini başa vurduqdan sonra Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 52 bal toplayaraq Şəkinin Aydınbulaq  kənd tam orta məktəbinə tarix müəllimi təyin olunub.

- Səyid müəllim, necə oldu ki, müəllim olmağa qərar verdiniz?

            - Müəllim peşəsi ən şərəfli peşədır. Hər bir insanı gələcəyə hazırlayan müəllimdir. Mən daim bu peşənin sahibkarı olmaq istəmişəm. Təhsilimi bitirdikdən sonra müəllim olmaq istəyim digər peşələrdən öndə getdiyindən müəllim olmaq qərarına gəldim.

            - Aydınbulaq kənd tam orta məktəbini seçərkən məktəbi necə təsəvvür edirdiniz və işə başlayanda real olaraq hansı vəziyyətlə rastlaşdınız?

            - İlk olaraq təsəvvür edirdim ki, kənd məktəbi olduğu üçün məktəb binası köhnə  olar, lakin məktəbi görəndən sonra fikrim dəyişdi. Məktəb binası tam təmirlidir, hər cür şəraitə malikdir. Rəhbərlik və kollektiv  mənə  olduqca yaxşı təəssürat  bağışladı.  İlk gündən məktəb rəhbəri  mənə hər cür köməklik göstərdi.

            - Kənd məktəbində işləyirsiniz, pedaqoji fəaliyyətinizdən razısınızmı?

            - Artıq 5 aydır  ki, ucqar dağ kəndində müəllim işləyirəm. Bu müddətdə çox gözəl müəllim kollektivi, yeni insanlar və bir-birindən gözəl, təhsil almağa həvəsli şagirdlərlə tanış olmuşam. Kəndin ucqarlığına baxmayaraq, hər gün sinfə daxil olarkən şagirdlərimin gülər üzü, təbəssümü məni daha da ruhlandırır. Onların uğuru mənim uğurumdur. Hər bir gənc müəllimə pedaqoji fəaliyyətinə kənd məktəbində başlamasını məsləhət görərdim. Düşünürəm ki, kənd məktəblərinin və təhsil almağa həvəsli şagirdlərin bizim kimi gənc müəllimlərə daha çox ehtiyacı var.

            - Dərsdənkənar vaxtlarda  nə ilə məşğul olursunuz?

            - Dərsdən sonra yaşadığım evə gəlib, bir az istirahət edirəm.  Amma səhəri gün şagirdlərimlə yenidən görüşəcəyimi bildiyim üçün istər internetdən, istərsə də kitablardan yeni informasiyalar əldə etməyə çalışıram. Özümə məxsus hobbilərimlə də məşğul olmaq mənim üçün önəmlidir...

            - Pedaqoji fəaliyyətinizdə hansı çətinliklərlə rastlaşırsınız?

            - Təbii ki, bütün peşələrin özünəməxsus çətinlikləri var. Əlbəttə ki, mənim üçün də kənd məktəbində işləmək  asan deyil. Bunlardan nəqliyyat problemini, işlədiyim kənddə daimi yaşayış yerimin olmamasını və s. göstərmək olar. Lakin bunlar peşəmə olan həvəsimin kölgəsində qalan məsələlərdir. Tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərimi  əsl vətəndaş kimi yetişdirmək mənim ən böyük amalımdır.

- Siz necə düşünürsünüz, şagirdlərdə öz fənninizə qarşı maraq oyada bilmisinizmi?

            - Bunu söyləmək, məncə, hələ tezdir. Amma mən çox çalışıram bunun üçün...

            - Kənd məktəbində uzun müddət müəllim kimi çalışmaq fikriniz var, yoxsa necə?

- Bunu zaman göstərəcək. Ancaq mənə yaradılan şərait,  bütün lazımi avadanlıqlarla təchiz olunmuş məktəb binası,  məndə müəllimlik sevgisini artıran şagirdlərim və  bunların hamısı mənim üçün çox xoşdur. Elə bu kənddə də müəllimlik fəaliyyətimi davam etdirməyi çox istəyirəm. Çünki kollektivdə səmimilik, mehribanlıq çox önəmlidir və işlədiyim kollektivdə sadaladıqlarım çox yüksək səviyyədədir.

            - Sonda, müəllim olmaq istəyənlərə nə tövsiyə edərdiniz?

            - Müəllim savadlı olmalıdır, amma hər yüksək biliyə sahib olan müəllim olacaq demək deyil. Müəllim doğruluğu, ədaləti hər şeydən üstün tutmalı, müəllim qarşısındakına dəyər verməli, müəllim sevməyi və sevdirməyi bacarmalı, o, əsl şəxsiyyət olub məktəbdə, həyatda öz yolu ilə getməyi bacarmalıdır. Müəllimlik yolu çətindir. Bu yolu getmək istəyənlər əzmlə mübarizə aparmalı, bezmədən-tükənmədən addımlamalı, qarşılarındakı ilk maneədə geri çəkilməməli, fənnini sevdirməli və  şagirdlərinə peşə sevgisi, şagird sevgisi  aşılamalıdır.

 


Açar sözlər: ,  ,