"Sabahın alimləri" VIII Respublika müsabiqəsində Şəki şəhər 11 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Rəfiyeva Səbinə və Sultanlı Lalə “Tibb və sağlamlıq” bölməsi üzrə “Sağlamlığımızı bərpa edək və qoruyaq” nominasiyası üzrə III yeri tutaraq bürünc medalla təltif edilib.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Qeyd edək ki, bu il Münsiflər Heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib seçilib. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olunub. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edir.