04.02.2019

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Şəki rayonunda məktəblilərin Respublika fənn olimpiadalarının birinci―rayon mərhələsi keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Şəki rayonu üzrə olimpiada şəhər 8 nömrəli tam orta məktəbdə keçirilib. Saat 10:00-dan başlanan bilik yarışı 13:00-da başa  çatıb.

Bilik yarışında rayon ümumtəhsil məktəblərinin 9, 10, 11-ci sinif şagirdlərindən 550 nəfər, 8-ci sinif şagirlərindən isə 140 yaxın şagird  iştirak edib.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə sualların cavablandırılması üçün şagirdlərə 3 saat ərzində fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.