Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Şəki Şəhər Təşkilatının, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin nümayəndələri, rayondakı ümumi təhsil, orta ixtisas və ali məktəblərin şagird və tələbələri iştirak ediblər.
Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edən Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov 2 fevral “Gənclər Günü” 1997-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub. Bu günün təntənə ilə qeyd edilməsi Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. İdarə rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb.
YAP Şəki Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov bildirib ki, Azərbaycanda gənclər siyasəti hər zaman xüsusi yer tutub. Təsadüfi deyil ki, bu gün Azərbaycan gəncliyi müasir tələblərə cavab verən və yüksək intellektli bir qüvvə kimi formalaşıb.
Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini Elxan Abdullayev ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın qazandığı uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən, bu inkişafa gənclərin verdiyi töhfələrdən danışıb.
Tədbirdə çıxış edən fəal gənclər bildirdilər ki, bu gün respublikamızda gəncliyimizə göstərilən diqqət və qayğı aparılan məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan gəncliyi dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində xoşbəxt və işıqlı gələcəyə doğru addımlamaqdadır.
Tədbirin sonunda xüsusi nailiyyətləri ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edilib.