Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində Şəki-Zaqatala zonası üçün maarifləndirici təlimlər keçirilib.
Yanvarın 23-də Şəki-Zaqatala zonası üzrə Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimdə Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonlarının ümumtəhsil məktəbləri və Şəki Şəhər Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 80 nəfərdən artıq müəllim cəlb olunub.
Təlimdə bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.
Ümumilikdə 7 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivalda iştirak edən ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir.
Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.