Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbdə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş "Tər bənövşə, bahar Müşfiq" adlı tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin ölkəmizdə böyük təntənə ilə qeyd edildiyini bildirib. Milli ədəbiyyatımızı lirik şeirlər, poemalar, nağıllar, uşaq şeirləri ilə zənginləşdirən Mikayıl Müşfiqin misilsiz sənət inciləri yaratdığını, ədibin qısa ömründə poeziyaya böyük töhfələr verdiyini qeyd ediblər.
Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.