21.12.2018

“Zəkamızla irəli” mövzusunda intellektual yarışması

Şəki şəhər 18 nömrəli tam orta məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  “Zəkamızla irəli” mövzusunda intellektual yarışma keçirilib. Yarış məktəb rəhbərliyi və müəllimlər tərəfindən təşkil edilib.

İntellektual yarışmada Şəki Şəhər Təhsil Şöbəsinin  nümayəndələri, Şəki Şəhər Gənclər və İdman İdarəsinin, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.

Yarışın əvvəlində dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Məmməd Mahmudov çıxış edərək, qonaqları salamlayıb, şagirdlərə uğurlar arzu edib.

Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, şagirdlərin sərbəst fikir, düşüncə tərzini və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək üçün bu cür intellektual bilik yarışlarının təşkil olunmasının mühüm əhəmiyyəti var.

Yarışda ümumilikdə 12 komanda mübarizə aparıb. Hər komandada 5 iştirakçı olub.

Yarış üç turda keçirilib.  Birinci turda 30, ikinci və üçüncü turda isə 20 sual səsləndirilib.

Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada  “Nuxa”  komandası I yer, “Marxal” komandası II yer, “Çələbixan” komandası isə III yerdə qərarlaşıb.

Sonda qalib komandalar  Şəki Şəhər Gənclər və İdman İdarəsi  tərəfindən  diplomla mükafatlandırılıb.

Qeyd edək ki, "Zəkamızla irəli” bilik yarışmasında məktəbin digər şagirdləri hər turun ardından  şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,