14.11.2018

Basketbol idman növü üzrə rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki Şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə oğlanlar arasında basketbol idman növü üzrə rayon mərhələsi keçirilib. Yarışında təhsil şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

Şəki şəhər 12 nömrəli tam orta məktəbinin idman zalında keçirilən oyundan əvvəl çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov  bildirib ki, yarışların təşkilində məqsəd rayonda basketbol idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə maraqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili, həmçinin basketbol oyunu üzrə rayonun ən güclülərinin müəyyənləşdirilməsidir.

Yarışın nəticələrinə əsasən Kiş kənd 1 nömrəli tam orta məktəbin komandası I yerə, şəhər 20 nömrəli tam orta məktəbin komandası II yerə, şəhər 8  nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Yarışın nəticəsi olaraq, qalib olan komanda zona mərhələsinə vəsiqə qazanmışdır.